2027-ci ildən vergi borclarına güzəştlər ediləcək – Neft Fondundan transfertlər azaldılırAzərbaycanda 2027-ci ildən büdcə-vergi siyasətində bir sıra dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulur. Vergi borcu olan sahibkarlar üçün ödəniş şərtlərinin yüngülləşdirilməsi, Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürülən vəsaitlərin isə mərhələli şəkildə azaldılması planlaşdırılır.
1business.media xəbər verir ki, bu məsələlər Hesablama Palatasının 2027-ci il dövlət büdcəsinin layihəsi və ortamüddətli fiskal siyasətlə bağlı rəyində əksini tapıb.
Vergi borcu olan sahibkarları hansı güzəştlər gözləyir?
Təklifə əsasən, vergi borclarının hissə-hissə ödənilməsi üçün möhlət alma prosedurunun sadələşdirilməsi nəzərdə tutulur.
İqtisadi fəaliyyətini davam etdirən, lakin maliyyə çətinliyi ilə üzləşən vergi ödəyicilərinə münasibətdə faizlər və maliyyə sanksiyaları üzrə güzəştlərin tətbiqi imkanları da nəzərdən keçirilir.
Hesablama Palatasının məlumatına görə, vergi borclarının təxminən üçdə birini maliyyə sanksiyaları və faizlər təşkil edir. Yeni mexanizmlərin tətbiqi sahibkarların borclarını ödəməsini asanlaşdıra bilər.
Dövlət Neft Fondundan transfertlər azaldılacaq
2027–2030-cu illəri əhatə edən fiskal siyasətdə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin mərhələli şəkildə azaldılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
Hədəf büdcəyə köçürülən vəsaitlərin həcmini Fondun aktivlərinin idarə edilməsindən əldə olunan gəlirlər səviyyəsinə uyğunlaşdırmaqdır.
Bu yanaşma dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılmasına və maliyyə dayanıqlığının gücləndirilməsinə xidmət etməlidir.
Büdcə gəlirləri üzrə yeni hədəflər müəyyənləşdirilir
Ortamüddətli dövr üçün qeyri-neft-qaz sektoru üzrə vergi və gömrük güzəştlərinin ÜDM-ə nisbətinin 7,4–8 faiz intervalında saxlanılması nəzərdə tutulur.
Qeyri-neft-qaz gəlirləri üzrə proqnoz göstəriciləri ilə büdcənin faktiki icrası arasındakı fərqin isə 5 faizdən çox olmaması hədəflənir.
Hesablama Palatası büdcə xərcləri üzrə də konkret və ölçülə bilən göstəricilərin müəyyənləşdirilməsini təklif edir.
Qeyd edək ki, sadalanan dəyişikliklər 2027–2030-cu illər üçün fiskal siyasət təklifləri və hədəfləridir. Vergi güzəştlərinin tətbiqi ilə bağlı yekun mexanizmlər müvafiq qanunvericilik dəyişiklikləri ilə müəyyənləşdiriləcək.
