2027-ci ildən vergilər dəyişir: Maaşdan, taksidən, mənzildən və alış-verişdən nə qədər vergi tutulacaq?Azərbaycanda 2027-ci il yanvarın 1-dən vergi sistemində bir sıra dəyişikliklərin tətbiqi təklif olunur. Yeni qaydalar əməkhaqqı alanlara, fermerlərə, taksi sürücülərinə, kuryerlərə, sahibkarlara, ev və avtomobil alqı-satqısı ilə məşğul olanlara təsir göstərə bilər.
1business.media xəbər verir ki, Vergi Məcəlləsinə dəyişiklik layihəsi 2027-ci ilin dövlət büdcəsi zərfinə daxil edilib. Təkliflər arasında bəzi vergilərin artırılması, müəyyən güzəştlərin məhdudlaşdırılması, eləcə də yeni vergi üstünlüklərinin yaradılması var.
1. Əməkhaqqından tutulan vergi artırılır
Qeyri-neft-qaz sektorunun özəl bölməsində çalışanların gəlir vergisi 2027-ci ildən 3 faizdən 5 faizə yüksələcək.
Yeni dərəcələr belə olacaq:
- 2 500 manatadək gəlir – 5%;
- 2 500–8 000 manat – 125 manat və artıq hissənin 10%-i;
- 8 000 manatdan yuxarı – 675 manat və artıq hissənin 14%-i.
Aylıq 1 500 manat əməkhaqqı alan şəxsin gəlir vergisi 39 manatdan 65 manata yüksələcək. Bu, ayda 26 manat əlavə vergi deməkdir. İlk 200 manatlıq gəlir üçün güzəşt qüvvədə qalır.
2. Fermerlərin vergi güzəşti azaldılır
Kənd təsərrüfatı istehsalçıları üçün mövcud 100 faizlik gəlir və mənfəət vergisi azadolmasının 90 faizə endirilməsi təklif edilir. Yeni mexanizmin beş il müddətinə tətbiqi nəzərdə tutulur.
3. İçki və çipsiyə aksiz vergisi gəlir
Layihəyə əsasən:
- Şirinləşdirilmiş qazlı içkilərin hər litrinə 10 qəpik;
- Çipsinin hər kiloqramına 1 manat aksiz vergisi tətbiq edilə bilər.
Bu dəyişikliklərin məhsulların satış qiymətinə təsiri istehsalçıların qərarlarından asılı olacaq.
4. Nağdsız alış-verişə yeni keşbek
ƏDV ödəyicisi olmayan müəyyən sahibkarlardan nağdsız alış-veriş edən vətəndaşlara ödənilən məbləğin 0,9 faizinin geri qaytarılması təklif olunur.
Məsələn, 1 000 manatlıq uyğun alış-veriş edən şəxs 9 manat geri ala bilər.
5. Kirayə gəlirlərinə yeni vergi qaydası
Əmlakını kirayəyə verən fiziki şəxslərə sənədlə təsdiqlənən xərclərini gəlirdən çıxmaq imkanı yaradılması nəzərdə tutulur.
6. Vergi borcuna görə faiz azalır
Vergi borcunun gecikdirilməsinə görə gündəlik hesablanan faizin 0,1 faizdən 0,05 faizə endirilməsi təklif edilir.
Maliyyə sanksiyasını 10 iş günü ərzində ödəyənlərə isə 10 faiz güzəşt nəzərdə tutulur.
7. Mənzil və avtomobil satışında ƏDV dəyişir
İkinci əl mənzil və avtomobillərin müəyyən şərtlərlə təkrar satışı zamanı ƏDV-nin ümumi satış qiymətindən deyil, alış və satış arasındakı fərqdən hesablanması təklif olunur.
8. Hotellərə vergi güzəşti
Xarici turistlərə xidmət göstərən hotel və sanatoriyaların müvafiq gəlir və mənfəət hissəsinin 50 faizədək məbləğinin beş il müddətinə vergidən azad edilməsi nəzərdə tutulur.
9. ƏDV güzəştləri uzadılır
Buğda, un, çörək, ət məhsulları, müəyyən tibbi xidmətlər və elektrik avtomobilləri üçün enerji doldurma qurğuları üzrə bəzi ƏDV güzəştlərinin daha üç il saxlanılması təklif edilir.
