Təhsilə 5 milyard manat ayrılır – Vəsait hansı sahələrə xərclənəcək?Azərbaycanda 2027-ci ildə təhsil sahəsinə 5 milyard 99 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Məbləğin əsas hissəsi ümumi təhsilə, ali məktəblərə, məktəbəqədər təhsilə və peşə təhsilinə yönəldiləcək.
1business.media xəbər verir ki, 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Milli Məclis sədrinin müavini Musa Qasımlı təhsil xərclərinin istiqamətləri barədə məlumat verib.
Təhsil sahələrinə nə qədər vəsait ayrılacaq?
Büdcə layihəsinə əsasən, vəsaitin bölgüsü belə nəzərdə tutulub:
- Ümumi təhsil: 2 milyard 185,4 milyon manat;
- Ali təhsil: 853,5 milyon manat;
- Məktəbəqədər təhsil: 434,8 milyon manat;
- Orta ixtisas təhsili: 102,1 milyon manat;
- Peşə təhsili: 115,4 milyon manat;
- Məktəbdənkənar təhsil: 96,9 milyon manat;
- Əlavə təhsil və tətbiqi tədqiqatlar: 25,6 milyon manat;
- Digər təhsil müəssisələri və tədbirlər: 1 milyard 285,3 milyon manat.
Məktəblərdə və universitetlərdə hansı dəyişikliklər gözlənilir?
Ayrılması nəzərdə tutulan vəsait hesabına ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və ali təhsilin inkişafı planlaşdırılır.
Peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması, rəqəmsal təhsilin inkişafı, müasir texnologiyaların tətbiqi və təhsil infrastrukturunun yenilənməsi də əsas istiqamətlər sırasındadır.
Elm sahəsinə də milyonlarla manat ayrılır
2027-ci ildə elm sahəsinə 257 milyon 920 min manat vəsait ayrılması nəzərdə tutulur.
Bu vəsaitin elmi tədqiqatların, innovasiyaların, süni intellektin və müasir texnologiyaların inkişafına yönəldilməsi planlaşdırılır.
Qeyd edək ki, 2027-ci il üçün təhsil xərclərinin 2026-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 82,6 milyon manat artırılması nəzərdə tutulur
