2027-ci il büdcəsində ən çox vəsait iqtisadi fəaliyyətə ayrılacaq – 8,9 MİLYARD MANATAzərbaycanda 2027-ci ilin dövlət büdcəsində ən böyük xərc istiqaməti iqtisadi fəaliyyət olacaq. Bu sahəyə 8 milyard 907,3 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
1business.media xəbər verir ki, bu barədə Hesablama Palatasının 2027-ci il dövlət büdcəsi layihəsinə dair rəyində bildirilib.
Büdcə layihəsinə əsasən, gələn il dövlət xərclərinin ümumi həcmi 42 milyard 400 milyon manat təşkil edəcək. İqtisadi fəaliyyət üzrə ayrılması nəzərdə tutulan vəsait ümumi xərclərin 21 faizinə bərabərdir.
İqtisadi fəaliyyət xərcləri 13,4 faiz artacaq
2027-ci ildə bu istiqamət üzrə xərclərin cari ilin təsdiqlənmiş göstəricisi ilə müqayisədə 1 milyard 50,7 milyon manat və ya 13,4 faiz artırılması planlaşdırılır.
Artımın əsas səbəblərindən biri iqtisadi dəstək tədbirlərinə ayrılan vəsaitin 682,3 milyon manat artırılmasıdır.
Digər səbəb isə əvvəlki illərdə ayrı-ayrı məqsədli büdcə fondları üzrə nəzərdə tutulan vəsaitlərin yeni təsnifata uyğun olaraq iqtisadi fəaliyyət bölməsinə keçirilməsidir.
Büdcənin digər istiqamətləri üzrə xərclər
2027-ci il üçün əsas xərc istiqamətləri üzrə aşağıdakı məbləğlər proqnozlaşdırılır:
- İqtisadi fəaliyyət – 8 milyard 907,3 milyon manat;
- Müdafiə və milli təhlükəsizlik – 8 milyard 816,4 milyon manat;
- Ümumi dövlət xidmətləri – 5 milyard 521,8 milyon manat;
- Təhsil – 5 milyard 99 milyon manat;
- Sosial müdafiə və sosial təminat – 4 milyard 375,6 milyon manat.
Digər xərclərdə azalma gözlənilir
2027-ci ildə “Əsas bölmələrə aid edilməyən xidmətlər” üzrə xərclərin 822,5 milyon manat olacağı proqnozlaşdırılır. Bu, cari ilin təsdiqlənmiş göstəricisindən 930 milyon manat və ya 53,1 faiz azdır.
Azalma əsasən məqsədli büdcə fondlarının ləğvi və bəzi xərclərin digər istiqamətlər üzrə yenidən təsnifləşdirilməsi ilə əlaqədardır.
