Kiçik bizneslər xərcləri necə azalda bilər? – Ekspert məsləhətləri
1business.media xəbər verir ki, Azərbaycanda kiçik bizneslərin xərclərinin mühüm hissəsini təchizatla bağlı ödənişlər təşkil edir. Məhsul və xammal qiymətləri, logistika xərcləri və təchizat şərtləri sahibkarların maliyyə yükünə birbaşa təsir göstərir.
Biznes təchizat zənciri üzrə ekspert İlkin Quliyev bildirib ki, sahibkarlar məhsul və xammalı haradan, hansı qiymətə və hansı şərtlərlə aldıqlarını əvvəlcədən planlaşdırmalıdırlar.
Ekspertin sözlərinə görə, yalnız alış qiymətinə baxmaq düzgün deyil. Çatdırılma, saxlama və digər əlavə xərclər də hesablanmalıdır. Müxtəlif təchizatçıların qiymətləri və ödəniş şərtləri müqayisə edilməlidir.
Kiçik həcmdə və tez-tez sifarişlər çatdırılma xərclərini artıra bilər. Buna görə sifarişlərin əvvəlcədən planlaşdırılması və mümkün olduqda birləşdirilməsi tövsiyə olunur. Eyni zamanda, artıq məhsul almaq və vəsaiti anbarda uzun müddət saxlamaq da biznes üçün əlavə maliyyə yükü yarada bilər.
İlkin Quliyev təchizatçılarla ödəniş müddəti, çatdırılma vaxtı, minimum sifariş miqdarı və məhsulun qaytarılması şərtlərinin əvvəlcədən razılaşdırılmasını da vacib sayır.
Onun sözlərinə görə, sadə kompüter proqramlarından istifadə etməklə hansı məhsulların daha çox satıldığını, hansının yenidən sifariş edilməli olduğunu və hansı təchizatçının daha sərfəli şərtlər təklif etdiyini izləmək mümkündür.
