Azərbaycanda avtomobil satışına dair elanlar azalırAzərbaycanda avtomobil bazarında təkliflərin sayı azalıb. Oktyabr ayında satış elanlarının sayı əvvəlki ayla müqayisədə 7 faiz geriləyərək 37 531-ə düşüb.
1business.media xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının açıqladığı məlumata görə, hesabat dövründə avtomobillərin median təklif qiyməti 3,7 faiz artaraq 19 500 manata çatıb. Orta qiymət isə 1,9 faiz yüksələrək 30 089 manat olub.
Lakin qiymət artımı avtomobillərin real bahalaşması ilə əlaqəli deyil. Buna səbəb satışa çıxarılan avtomobillərin marka və model tərkibinin dəyişməsidir. Bazarda daha bahalı Mercedes, Hyundai, Toyota və BMW markalarının payı artıb.
Araşdırmaya əsasən, sentyabr və oktyabr aylarında satışda qalan 7 156 avtomobil elanının 39,6 faizində qiymət endirilib. Cəmi 8,9 faizində qiymət artırılıb. Həmin avtomobillərin orta satış qiyməti isə 1,5 faiz azalıb.
Məlumatlar göstərir ki, avtomobil bazarında elanların azalması və alıcıların seçim imkanlarının dəyişməsi qiymət göstəricilərinə də təsir edir.
