Xəzər sahillərinə nəzarət gücləndirilir – 40 yeni ştat vahidi yaradılırAzərbaycanda Xəzər dənizinin sahilboyu ərazilərinin idarə olunması ilə bağlı yeni qərar qəbul edilib. Bu sahədə Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri genişləndirilib, işçilərinin say həddi 40 ştat vahidi artırılıb.
1business.media xəbər verir ki, Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan sektorunun sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.
Fərmana əsasən, sahilboyu ərazilərdə torpaqların idarə olunması, istifadəsi və mühafizəsi üzrə vahid dövlət siyasətini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirəcək.
Yeni qərarla aşağıdakı tədbirlər nəzərdə tutulur:
- Sahilboyu ərazilərin sərhədləri və ölçüləri müəyyənləşdiriləcək;
- Ərazilərin zonalaşdırılması və xüsusi hüquqi rejiminin yaradılması ilə bağlı təkliflər hazırlanacaq;
- Torpaqların qanunsuz zəbt edilməsinə qarşı nəzarət gücləndiriləcək;
- Sahilboyu torpaqların icarəyə verilməsi elektron sistem vasitəsilə, “bir pəncərə” prinsipi ilə həyata keçiriləcək;
- Rəqəmsal xəritə və məlumat bazası yaradılması təklif olunacaq.
Nazirlər Kabinetinə bu istiqamətdə müvafiq təklifləri altı ay müddətində hazırlamaq tapşırılıb.
Qeyd edək ki, yeni mexanizm sahilboyu ərazilərdə torpaq idarəçiliyinin, ekoloji nəzarətin və dövlət qurumları arasında koordinasiyanın təkmilləşdirilməsini nəzərdə tutur.
