Azərbaycanda yükdaşıyıcılar ƏDV və mənfəət vergisindən azad ola bilərAzərbaycanda ölkədaxili yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün yeni vergi rejiminin tətbiqi təklif olunur. Dəyişiklik qəbul edilərsə, sahibkarlar ƏDV və mənfəət vergisi ödəmədən fəaliyyət göstərə biləcəklər.
1business.media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev məlumat verib.
Onun sözlərinə görə, yeni təklifə əsasən, dövriyyəsi 200 min manatdan çox olan fərdi daşıyıcılar və müəssisələr 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi rejimini seçə biləcəklər.
Bu mexanizm tətbiq olunarsa, sahibkarlar dövriyyələrindən 8 faiz vergi ödəməklə ƏDV və mənfəət vergisi öhdəliyindən azad olacaqlar.
Hazırda yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər gəlir və ya mənfəət vergisi, yaxud sadələşdirilmiş vergi rejimi üzrə ödəniş edirlər. Yeni qaydalar isə onlara alternativ seçim imkanı yaradacaq.
Vergi rəsmisi turizm sektoru ilə bağlı dəyişikliklərdən də danışıb. Layihədə regionlardakı mehmanxana və sanatoriyalara tətbiq edilən 75 faizlik əmlak vergisi güzəştinin daha üç il uzadılması nəzərdə tutulur.
Eyni zamanda, xarici turistlərə xidmət göstərən mehmanxana və sanatoriyaların mənfəət vergisi üzrə öhdəliklərinin azaldılması üçün yeni mexanizmin tətbiqi təklif edilir.
