Azərbaycanda mənzil və digər əmlakını kirayəyə verən fiziki şəxslər üçün yeni vergi qaydası təklif olunur. Dəyişiklik qəbul edilərsə, əmlak sahibləri kirayədən əldə etdikləri gəlirdən həmin fəaliyyətlə bağlı xərcləri çıxaraq vergi ödəyə biləcəklər.1business.media xəbər verir ki, bu yenilik Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər paketində əksini tapıb.
Layihəyə əsasən, fiziki şəxs bu imkandan yararlanmaq üçün vergi uçotuna alınmalı və müvafiq bəyannamə təqdim etməlidir. O, vergi orqanına və kirayəçiyə müəyyən olunmuş formada məlumat verməlidir.
Məlumat vergi orqanına təqdim edildikdən sonrakı aydan etibarən kirayə gəlirindən ödəmə mənbəyində vergi tutulması dayandırılacaq. Vergi ilinin sonunda isə şəxsin əldə etdiyi gəlir və kirayə fəaliyyəti ilə bağlı çəkdiyi xərclər nəzərə alınmaqla gəlir vergisi hesablanacaq.
İl ərzində kirayə gəlirindən əvvəlcədən tutulmuş vergilər hesablanmış illik vergi məbləğindən çıxılacaq. Həmin məbləğ tam nəzərə alınmadıqda, qalan hissə növbəti illərdə vergi öhdəliyinin azaldılmasına yönəldiləcək.
Hazırda yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərə 10 faiz vergi tətbiq edilir. Digər əmlak növləri üzrə isə vergi dərəcəsi 14 faizdir. Təklif olunan yenilik 2027-ci ilin büdcə zərfinə daxil edilib.
