Azərbaycanda yeni zavodlar tikiləcək – İstehsal gücü artırılırAzərbaycanda metallurgiya sənayesinin inkişafı məqsədilə yeni istehsal müəssisələrinin tikilməsi nəzərdə tutulur. Layihə çərçivəsində kalsinasiya və anodbişirmə zavodlarının yaradılması planlaşdırılır.
1business.media xəbər verir ki, bu tədbirlər Prezident İlham Əliyevin təsdiqlədiyi “Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Proqrama əsasən, Azərbaycan İnvestisiya Holdinqi hazırlanan texniki-iqtisadi əsaslandırma sənədinə uyğun olaraq maliyyələşmə mənbələrini müəyyənləşdirəcək və aidiyyəti dövlət qurumları ilə birlikdə zavodların tikintisini həyata keçirəcək.
Layihə çərçivəsində tikinti-quraşdırma işlərinin aparılması, müasir avadanlıqların alınması və istehsal infrastrukturunun yaradılması nəzərdə tutulur.
Yeni müəssisələrdə anod istehsalının təşkil edilməsi planlaşdırılır. Bu məhsullar metallurgiya sənayesində, o cümlədən alüminium istehsalında istifadə olunur.
Dövlət proqramında yerli xammal ehtiyatlarından daha səmərəli istifadə, emal sənayesinin genişləndirilməsi və idxaldan asılılığın azaldılması əsas hədəflər sırasındadır.
Yeni zavodların istifadəyə verilməsi ölkənin metallurgiya məhsulları üzrə istehsal və ixrac imkanlarının genişlənməsinə şərait yarada bilər.
Layihələrin dəqiq investisiya məbləği və tikintinin başa çatacağı tarix barədə məlumat açıqlanmayıb.
