Qarabağ və Şərqi Zəngəzurda 38 su elektrik stansiyası fəaliyyət göstərir – Enerji potensialı 10 min meqavatdırQarabağ və Şərqi Zəngəzurda bərpa olunan enerji infrastrukturu genişləndirilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə ümumi gücü 307 meqavat olan 38 su elektrik stansiyası fəaliyyət göstərir.
1business.media xəbər verir ki, 2026-cı ilin oktyabrına olan məlumatlara əsasən, region Azərbaycanın vahid enerji sisteminə dörd nöqtədən birləşdirilib.
Bölgədə bir 330 kilovoltluq və 13 ədəd 110 kilovoltluq yarımstansiya istismar olunur. Bu infrastruktur yaşayış məntəqələrinin və yeni müəssisələrin elektrik enerjisi ilə təminatına xidmət edir.
Cəbrayıl rayonunda 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisi həyata keçirilir.
Kəlbəcər və Laçın rayonlarında isə beş kiçik su elektrik stansiyasının bərpası və istismarı üzrə layihə icra olunur. Layihə çərçivəsində 3,2 meqavat gücündə “Minkənd” Kiçik Su Elektrik Stansiyası fəaliyyətə başlayıb, digər obyektlərdə işlər davam edir.
Qarabağ və Şərqi Zəngəzurun günəş, külək və su enerjisi üzrə ümumi potensialı 10 min meqavat qiymətləndirilir. Bu rəqəm hazırda istehsal olunan elektrik enerjisinin həcmini deyil, regionun gələcəkdə istifadə oluna biləcək enerji imkanlarını göstərir.
Yeni layihələr regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə, sənaye müəssisələrinin elektrik təchizatına və ölkədə bərpa olunan enerji istehsalının artırılmasına yönəlib.
Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası”na çevrilməsi Azərbaycanın enerji strategiyasının əsas istiqamətlərindən biridir.
