İlon Mask ABŞ-da mobil rabitə bazarına girmək istəyirİlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkəti ABŞ-da öz brendi altında mobil rabitə operatoru yaratmaq üçün yeni yollar axtarır. Şirkət bu məqsədlə ölkənin iri telekommunikasiya şirkətləri ilə danışıqlar aparsa da, indiyədək müsbət cavab ala bilməyib.
1business.media xəbər verir ki, “Verizon”, “T-Mobile” və “AT&T” şirkətləri “SpaceX”in öz şəbəkələrindən istifadə təklifini rədd ediblər. Bundan sonra Mask alternativ variant kimi “Boost Mobile” operatorunun sahibi olan “EchoStar” ilə danışıqlara başlayıb.
Məlumata görə, müzakirə olunan variantlar arasında “Boost Mobile”ın satın alınması və ya şirkətin istifadə etdiyi mobil şəbəkələrə çıxış əldə edilməsi var. Bu razılaşma “SpaceX”ə ABŞ mobil rabitə bazarında rəqabətə qoşulmaq imkanı verə bilər.
MoffettNathanson analitik şirkətinin qiymətləndirməsinə görə, ABŞ mobil rabitə bazarının həcmi 235 milyard dollardır. Maskın məqsədi “Starlink” peyklərini mövcud yerüstü mobil şəbəkələrlə birləşdirərək genişmiqyaslı rabitə xidməti yaratmaqdır.
“SpaceX” ötən ay simsiz rabitə tezliklərindən istifadə lisenziyalarını 8 milyard dollara almaq barədə razılığa gəlib. Bu tezliklər peyk siqnalının zəif olduğu ərazilərdə mobil rabitənin təmin edilməsinə kömək edə bilər.
Lakin layihənin qarşısında ciddi texniki maneələr var. Ekspertlər bildirirlər ki, peyk siqnalı hazırda sıx şəhər ərazilərində və binaların daxilində sabit rabitə təmin etmək üçün kifayət qədər güclü deyil. Buna görə də şirkətin ənənəvi mobil rabitə qüllələrindən istifadə etməsi vacib sayılır.
“SpaceX”in mobil rabitə bazarına daxil olması ABŞ-nin iri operatorları arasında rəqabəti gücləndirə bilər. Bununla belə, danışıqların nəticəsi və yeni xidmətin nə vaxt istifadəyə veriləcəyi hələ məlum deyil.
