ING: Azərbaycanın büdcə tarazlığı üçün neft 70 dollara satılmalıdırAzərbaycanın 2027-ci il büdcəsinin tarazlığını qorumaq üçün neftin bir barelinin qiyməti təxminən 70 ABŞ dolları olmalıdır. Niderlandın ING bank qrupu ölkənin fiskal dayanıqlığı ilə bağlı yeni qiymətləndirməsini açıqlayıb.
1business.media xəbər verir ki, ING-nin Qafqaz, Mərkəzi Asiya ölkələri və Rusiya üzrə baş iqtisadçısı Dmitri Dolqin Azərbaycanın 2027-ci il üçün fiskal zərərsizlik qiymətini bir barel neft üçün 70 dollar səviyyəsində qiymətləndirib.
İqtisadçının sözlərinə görə, ölkədə neft hasilatının azalması büdcə gəlirlərinin tarazlaşdırılması üçün tələb olunan qiymətə təsir edən əsas amillərdəndir.
ING-nin proqnozuna əsasən, 2027-ci ildə Brent markalı neftin orta qiyməti 77 dollar təşkil edə bilər. Bu göstərici Azərbaycanın büdcə tarazlığı üçün hesablanan 70 dollarlıq həddən yüksəkdir.
Bank qrupu gələn il Azərbaycanın icmal büdcəsinin ÜDM-in təxminən 1 faizi səviyyəsində profisit göstərəcəyini gözləyir.
Azərbaycanın maliyyə ehtiyatları nə qədərdir?
ING-nin hesablamalarına görə, ölkənin suveren aktivləri ÜDM-in təxminən 115 faizinə bərabərdir. Bu ehtiyatların əsas hissəsini Dövlət Neft Fondunun aktivləri təşkil edir. Fondun aktivləri ÜDM-in təxminən 100 faizi səviyyəsində qiymətləndirilir.
Dmitri Dolqin hesab edir ki, dövlət xərcləri mövcud proqnozlardan əhəmiyyətli dərəcədə sürətlə artmasa, ölkənin maliyyə ehtiyatlarının tükənməsi riski yaranmayacaq.
2027-ci ilin dövlət büdcəsi layihəsində isə Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti 65 dollar götürülüb.
ING-nin proqnozuna əsasən, 2027-ci ildə Azərbaycanda iqtisadi artım 3 faizə çata bilər
