Neftin qiymətində 1 dollar artım büdcəyə 200 milyon dollar qazandırırNeftin dünya bazarındakı qiyməti Azərbaycanın dövlət büdcəsinin gəlirlərinə birbaşa təsir edir. ING analitiklərinin hesablamalarına görə, neftin bir barelinin qiymətində hər 1 dollar artım Azərbaycanın büdcəsinə ildə 150–200 milyon dollar əlavə gəlir gətirə bilər.
1business.media xəbər verir ki, Niderlandın ING maliyyə qrupunun təhlilinə əsasən, yüksək neft qiymətləri Azərbaycanın büdcə imkanlarını genişləndirir, valyuta ehtiyatlarını gücləndirir və qeyri-neft sektorundakı iqtisadi fəallığa dəstək verir.
Analitiklərin hesablamalarına görə, neftin qiymətində hər 10 dollar artım Azərbaycanın illik ixrac gəlirlərinə ÜDM-in təxminən 4%-i həcmində əlavə vəsait gətirə bilər.
Azərbaycanın maliyyə dayanıqlığı böyük valyuta və fiskal ehtiyatları ilə dəstəklənir. Ehtiyatların ümumi həcmi ÜDM-in təxminən 115%-nə bərabər qiymətləndirilir.
ING orta müddətli perspektivdə ölkənin iqtisadi artım potensialını 2–3% səviyyəsində görür. Neft hasilatının azalması, iqtisadiyyatın şaxələndirilməsinin zəif tempi və özəl investisiyaların məhdudluğu əsas risklər sırasında göstərilir.
