Azərbaycan Vyetnam şirkəti ilə iki enerji layihəsi üzrə müqavilə imzaladıAzərbaycan və Vyetnamın “ROX Group” şirkəti ölkəmizdə günəş və külək elektrik stansiyalarının layihələndirilməsi və həyata keçirilməsi istiqamətində əməkdaşlığı genişləndirir.
1business.media xəbər verir ki, noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lamın iştirakı ilə iki ölkə arasında bir sıra sənədlərin mübadiləsi mərasimi keçirilib.
Tədbirdə Energetika Nazirliyi ilə “ROX Group” arasında Azərbaycanda günəş və külək elektrik stansiyası layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair İcra Müqaviləsi imzalanıb. Sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və şirkətin təsisçisi və sədri Tran Anh Tuan mübadilə ediblər.
Layihələrlə bağlı əvvəlki razılaşmalarda Azərbaycanda 600 meqavat gücündə quruda külək elektrik stansiyasının, Naxçıvanda isə 200 meqavat gücündə günəş elektrik stansiyasının yaradılması imkanlarının araşdırılması nəzərdə tutulmuşdu.
Yeni müqavilə bu layihələrin qiymətləndirilməsi, inkişafı və icrası üzrə əməkdaşlığın növbəti mərhələsidir.
