SİMA həlləri Portuqaliyada beynəlxalq auditoriyaya təqdim olunubAZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycanın rəqəmsal texnologiyalarını beynəlxalq platformada nümayiş etdirib.
1business.media xəbər verir ki, şirkət Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Web Summit 2026” tədbirində iştirak edib.
“AzInTelecom” İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə yaradılan Azərbaycan pavilyonunda öz stendi ilə təmsil olunub. Ziyarətçilərə SİMA Rəqəmsal Həllər Platforması və onun məhsulları barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində xarici qurumların nümayəndələri, investorlar və texnologiya sahəsinin ekspertləri ilə görüşlər keçirilib. SİMA məhsulları üzrə mümkün tərəfdaşlıqlar və birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.
Şirkətin əsas məqsədi Azərbaycanın rəqəmsal potensialını beynəlxalq səviyyədə tanıtmaq, innovativ məhsulların xarici bazarlara çıxış imkanlarını araşdırmaq və yeni əməkdaşlıqlar qurmaqdır.
