SOCAR Çinin neft nəhəngi ilə strateji əməkdaşlıq memorandumu imzaladıAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Çinin “China Petroleum & Chemical Corporation” (Sinopec Corp.) şirkəti arasında strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
1business.media xəbər verir ki, sənəd Çinin Şanxay şəhərində imzalanıb. Memorandumu SOCAR-ın vitse-prezidenti Fuad Musayev və Sinopec-in vitse-prezidenti Li Yuxing imzalayıblar.
Razılaşmanın əsas məqsədi iki şirkət arasında satınalma və təchizat zəncirinin idarə olunması sahələrində əməkdaşlığı genişləndirməkdir.
Sənədə əsasən, tərəflər təchizatçı resursları barədə məlumat mübadiləsi aparacaq, təchizat zəncirinin idarə olunması strategiyalarını hazırlayacaq və qabaqcıl təcrübələrini bölüşəcəklər.
Memorandum məhsul, avadanlıq və xidmətlərin qarşılıqlı olaraq şirkətlərin satınalma və təchizat sistemlərinə daxil edilməsi imkanlarının araşdırılmasını da nəzərdə tutur.
Əməkdaşlığın digər istiqamətləri isə tərəflərin qarşılıqlı razılığı əsasında müəyyənləşdiriləcək.
Bu razılaşma Azərbaycan və Çin şirkətləri arasında enerji və sənaye sahələrində işgüzar əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
