Azərbaycan Rusiyaya bank hesabları və əmlak barədə məlumat verəcək
Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, gəlirləri, daşınmaz əmlakı və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Yeni razılaşma məhkəmə qərarlarının icrası zamanı borcluların əmlakının müəyyənləşdirilməsini nəzərdə tutur.
1business.media xəbər verir ki, bu barədə Banker.az məlumat yayıb.
Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icrası zamanı məlumat mübadiləsini nəzərdə tutan sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.
Sazişə əsasən, Rusiyanın Federal Məhkəmə İcraçıları Xidməti Azərbaycanda yaşayan və ya burada əmlakı olan, barəsində icra işi aparılan Rusiya vətəndaşları haqqında müvafiq dövlət qurumlarına sorğu göndərə biləcək.
Məlumat mübadiləsi aşağıdakı məlumatları əhatə edəcək:
- Vətəndaşların iş yeri;
- Rəsmi gəlirləri;
- Bank hesabları;
- Daşınmaz əmlakları;
- Avtomobilləri;
- Şirkətlərdəki payları;
- Digər aktivləri.
Azərbaycan da Rusiyadan məlumat tələb edə biləcək
Razılaşma qarşılıqlı xarakter daşıyır. Bu o deməkdir ki, Azərbaycan tərəfi də Rusiyada yaşayan və ya orada əmlakı olan, barəsində icra işi aparılan şəxslərlə bağlı məlumat tələb edə biləcək.
Sənəd 2025-ci il mayın 13-də Azərbaycan, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən imzalanıb. Rusiya Prezidenti Vladimir Putin 2026-cı il noyabrın 2-də sazişin ratifikasiyasını təsdiqləyib.
Məlumat mübadiləsi hamıya şamil olunmayacaq
Qeyd edək ki, yeni mexanizm bütün vətəndaşların bank hesablarının avtomatik yoxlanılması demək deyil. Məlumat sorğuları yalnız müvafiq icra icraatları çərçivəsində göndəriləcək.
Sazişin əsas məqsədi məhkəmə qərarlarının icrasını asanlaşdırmaq, borcluların əmlak və gəlirlərini müəyyənləşdirmək, dövlətlər arasında hüquqi əməkdaşlığı gücləndirməkdir.
