Azərbaycan və Özbəkistan arasında pensiya sazişi təsdiqləndi
1business.media xəbər verir ki, Azərbaycan və Özbəkistan arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında saziş Milli Məclisdə təsdiqlənib. Sənəd 2026-cı il avqustun 23-də Daşkənddə imzalanıb.
Saziş iki ölkə vətəndaşlarının pensiya hüquqlarının təmin edilməsini, sığorta stajlarının nəzərə alınmasını, pensiyaların təyin edilməsi, hesablanması, yenidən hesablanması və ödənilməsi qaydalarını müəyyənləşdirir.
Sənədə əsasən, Azərbaycan və Özbəkistanda əldə edilmiş sığorta stajları pensiya hüququ müəyyən edilərkən nəzərə alınacaq. Saziş qüvvəyə mindikdən əvvəl əldə edilmiş sığorta müddətləri də hesablamaya daxil ediləcək.
Pensiya alan şəxsin digər ölkədə yaşaması onun pensiyasının azaldılması, dayandırılması və ya ləğvi üçün əsas olmayacaq. Pensiyaların digər ölkəyə köçürülməsi, məlumat mübadiləsi və aidiyyəti qurumlar arasında qarşılıqlı yardım məsələləri də sənəddə əksini tapıb.
Saziş ratifikasiya sənədlərinin mübadiləsindən sonra müəyyən edilmiş müddətdə qüvvəyə minəcək və müddətsiz olacaq.
