ADY Çindən alınacaq elektrik qatarlarını əsasən Bakı-Qazax xəttində işlədəcək
1business.media xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Çinin “CRRC Zhuzhou Locomotive” şirkətindən alacağı 4 yeni elektrik qatarının əsasən Bakı–Qazax–Bakı marşrutunda istismarı nəzərdə tutulur.
ADY bildirib ki, yeni qatarların istifadəyə verilməsi ilə hazırda Bakı–Qazax istiqamətində işləyən qatarların digər marşrutlara yönləndirilməsi mümkün olacaq. Bu, hərəkət tərkibinin marşrutlar üzrə daha səmərəli bölüşdürülməsinə və yeni istiqamətlərdə sərnişindaşımaların təşkilinə imkan verəcək.
ADY-nin məlumatına görə, 2030-cu ilədək Yalama, Mincivan və Astara istiqamətlərində sərnişindaşımaların mərhələli bərpası, eləcə də Bakı–Xankəndi marşrutunun istifadəyə verilməsi planlaşdırılır. Yeni alınacaq 4 qatarın birbaşa bu istiqamətlərdə işlədilməsi nəzərdə tutulmur. Bu marşrutların mövcud qatar parkının yenidən bölüşdürülməsi və parkın genişləndirilməsi hesabına təmin edilməsi planlaşdırılır.
Müqaviləyə əsasən, hər bir qatar 7 vaqondan ibarət olacaq və təxminən 135 metr uzunluğunda olacaq. Qatarların maksimal istismar sürəti saatda 140 kilometr, konstruktiv sürəti isə saatda 160 kilometr təşkil edəcək. Hər qatarda 434 oturacaq olacaq və sərnişinlərə birinci, biznes və standart siniflər təqdim ediləcək. Qatarların 2 il ərzində təhvil verilməsi planlaşdırılır.
