Çində 6 robot mağaza işçilərini əvəz etdi – İkisi sınaqdan keçə bilmədiÇinin Şanxay şəhərində maraqlı texnoloji eksperiment keçirilib. Altı insanabənzər robot 24 saat ərzində mağaza əməkdaşlarının vəzifələrini yerinə yetirib. Sınaq robotların real iş şəraitində imkanlarını və zəif tərəflərini üzə çıxarıb.
1business.media xəbər verir ki, eksperiment noyabrın 2-də saat 10:00-da başlayıb və noyabrın 3-də eyni vaxtda başa çatıb. Təcrübəni Çinin robototexnika şirkəti “AGIBOT” təşkil edib.
Sınaqda G2 modelinə aid altı humanoid robot iştirak edib. Onlara müştəriləri qarşılamaq, qəhvə hazırlamaq, isti yeməklər təqdim etmək, rəflərdəki məhsulları yoxlamaq və ehtiyatları artırmaq tapşırılıb.
Robotlar 24 saat ərzində ümumilikdə 1 730 əməliyyat həyata keçiriblər. Təcrübə müştəri sıxlığının yüksək olduğu saatları, gecə növbəsini və səhər iş rejimini əhatə edib.
Lakin bütün robotlar tapşırıqların öhdəsindən gələ bilməyib. Təmizlik işlərinə cavabdeh olan robot zibil qutusunun hərəkət yolunu bağlaması ilə qarşılaşıb. Maneəni aradan qaldıra bilməyən robot marşrutdan çıxaraq mağazanı tərk edib və geri qayıtmayıb.
Digər robot isə rəflərdəki məhsulların azalmasını müəyyənləşdirmək və ehtiyatları artırmaq tapşırığını lazımi səviyyədə yerinə yetirməyib.
Nəticədə altı robotdan dördü sınağı uğurla başa vurub, iki robot isə əlavə təkmilləşdirmə üçün müşahidə qrupuna daxil edilib.
Eksperiment göstərib ki, humanoid robotlar müştərilərə xidmət, qəhvə hazırlanması və məhsulların təqdim edilməsi kimi işləri görə bilirlər. Lakin gözlənilməz maneələrlə qarşılaşdıqda müstəqil qərar vermək hələ də onların əsas problemlərindən biridir.
