Sumqayıtda köhnə evlər sökülür – Sakinlərə 20 kvadratmetr artıq mənzil veriləcəkSumqayıt şəhərinin 20-ci və 21-ci mikrorayonlarında yerləşən köhnə, taxta konstruksiyalı birmərtəbəli evlərin sökülməsi planlaşdırılır.
1business.media xəbər verir ki, ərazidəki evlərin ölçülməsi işləri artıq aparılıb. Sakinlərin sözlərinə görə, ölçmələr Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Məlumata əsasən, söküləcək evlərin yerində yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi və sakinlərin mənzillə təmin olunması nəzərdə tutulur.
Sakinlərə əlavə 20 kvadratmetr veriləcək?
Ərazidə yaşayanlar arasında yayılan məlumata görə, yeni mənzillərin sahəsi mövcud evlərin sahəsindən 20 kvadratmetr artıq olacaq. Lakin bu şərt hələ rəsmi şəkildə təsdiqlənməyib.
Ərazidə yeni yaşayış kompleksi tikiləcək
20-ci mikrorayonun ərazisinin Çin investorları tərəfindən satın alındığı və burada “Şanxay” adlı yaşayış kompleksinin inşa ediləcəyi barədə məlumatlar yayılıb. Bu iddia da hələlik rəsmi təsdiqini tapmayıb.
21-ci mikrorayonda isə ərazinin bir şirkət tərəfindən alındığı və söküntü işlərinin aparıldığı bildirilir.
Sakinlər köçürülmə şərtləri, yeni mənzillərin sahəsi və layihənin icra müddəti ilə bağlı rəsmi açıqlama gözləyirlər.
