Bakıda bir sıra obyektlər söküləcək – Sahibkarlar kompensasiya tələb edirBakının Suraxanı rayonunda bir sıra qeyri-yaşayış obyektlərinin sökülməsi planlaşdırılır. Ərazidə fəaliyyət göstərən sahibkarlar isə kompensasiya və alternativ obyektlə təmin olunmalarını istəyirlər.
1business.media xəbər verir ki, söküntü siyahısına daxil edilən obyektlərin sahiblərinə əraziləri boşaltmaq barədə xəbərdarlıq edilib.
Sahibkarların sözlərinə görə, həmin obyektlər uzun illərdir onların əsas gəlir mənbəyidir. Söküntü nəticəsində fəaliyyətlərini dayandırmaq və bizneslərini başqa ünvanda yenidən qurmaq məcburiyyətində qala bilərlər.
Obyekt sahibləri bəziləri pul kompensasiyası, digərləri isə başqa ərazidə yeni obyektlə təmin olunmaq istəyir. Onlar kompensasiya məsələsinin hələ dəqiqləşmədiyini bildirirlər.
Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, söküntü məsələsi qurumun səlahiyyətlərinə aid deyil və işlər Nazirlər Kabinetinin müvafiq qərarı əsasında aparılır.
Nazirlər Kabinetindən isə məsələnin araşdırıldığı bildirilib. Yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə məlumat veriləcək.
