Tikinti sektorunda ikiqat mənfi siqnal
1business.media xəbər verir ki, 2026-cı ilin sentyabrında Azərbaycanda tikinti sektorunun inam indeksi mənfi 40,4 bəndə düşüb. Bu, ilin ən aşağı göstəricisidir. Avqustda indeks mənfi 32,3 bənd olub.
Mərkəzi Bankın məlumatına görə, tikinti müəssisələrində son üç ayda icraya qəbul edilmiş sifarişlər üzrə göstərici mənfi 52,2 bənddən mənfi 60,7 bəndə enib. Ötən ilin sentyabrında bu göstərici mənfi 7,9 bənd təşkil edib.
Növbəti üç ay üzrə işçilərin sayının dəyişməsi ilə bağlı gözləntilər də pisləşib. Göstərici avqustdakı mənfi 12,4 bənddən sentyabrda mənfi 20,2 bəndə düşüb.
Tikinti işlərinin son üç aydakı həcmini əks etdirən göstərici də avqustdakı 1 bənddən mənfi 3,6 bəndə geriləyib. 2025-ci ilin sentyabrında bu göstərici 15,5 bənd olub.
Tikinti sektoru sentyabrda əsas iqtisadi sahələr arasında mənfi inam indeksinin qeydə alındığı yeganə sektor olub. Həmin ay sənayedə inam indeksi 13 bənd, xidmət sektorunda 17,6 bənd, pərakəndə ticarətdə isə 17,9 bənd təşkil edib.
