Mərkəzi Bank faiz dərəcəsini dəyişmədi
1business.media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizinin parametrləri ilə bağlı qərarını açıqlayıb.
Qərara əsasən, uçot dərəcəsi 6,5%, faiz dəhlizinin aşağı həddi 5%, yuxarı həddi isə 7,5% səviyyəsində saxlanılıb.
Qərar qəbul edilərkən inflyasiyanın dinamikası, inflyasiya gözləntiləri, valyuta bazarındakı proseslər, bank sektorunun likvidliyi və qlobal monetar şərait nəzərə alınıb.
2026-cı ilin sentyabrında illik inflyasiya 5,5% təşkil edib. Bu göstərici avqustla müqayisədə 0,2 faiz bəndi aşağıdır və inflyasiya Mərkəzi Bankın 4±2% hədəf diapazonunda qalır.
Mərkəzi Bankın proqnozuna görə, illik inflyasiyanın həm 2026-cı ilin, həm də 2027-ci ilin sonunda 5,9% olması gözlənilir.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar 23 dekabr 2026-cı ildə açıqlanacaq.
