İnflyasiya 2027-ci ildə də yüksək qala bilər
1business.media xəbər verir ki, “Reuters”in 500-dən çox iqtisadçı arasında keçirdiyi sorğuya əsasən, qlobal inflyasiyanın 2027-ci ildə də yüksək səviyyədə qalacağı gözlənilir.
Sorğuda 50 iqtisadiyyatın 31-i üzrə 2027-ci il üçün inflyasiya proqnozları artırılıb. İnkişaf etmiş 21 iqtisadiyyatın 15-i üzrə də qiymət artımı gözləntiləri yüksəldilib.
İqtisadçıların fikrincə, əsas təzyiq mənbələrindən biri enerji qiymətlərinin bahalaşmasıdır. Neftin qiymətinin yüksəlməsi digər məhsul və xidmətlərin maya dəyərinə təsir göstərərək inflyasiyanı daha uzun müddət yüksək saxlaya bilər.
Sorğunun nəticələrinə görə, 2027-ci il üzrə inflyasiya proqnozları son üç rübdə Böyük Britaniya üçün 0,7 faiz bəndi, avrozonada 0,5 faiz bəndi, ABŞ-da isə 0,2 faiz bəndi artırılıb.
İnflyasiya təzyiqlərinin genişlənməsi mərkəzi bankların faiz dərəcələrini daha uzun müddət yüksək saxlamasına və borclanma xərclərinin artmasına səbəb ola bilər.
