İşsizlikdən Sığorta Fondunun büdcəsi 319 milyon manatı ötəcək
Azərbaycanda İşsizlikdən Sığorta Fondunun 2027-ci il üzrə xərclərinin 319,2 milyon manat olacağı proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 19,8 faiz çoxdur.
1business.media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı açıqlayıb.
Büdcə layihəsinə əsasən, Fondun gələnilki xərclərinin 268,9 milyon manatının onun gəlirləri hesabına qarşılanması nəzərdə tutulur. Bu məbləğ cari illə müqayisədə 12,8 faiz çoxdur.
Qalan 50,3 milyon manatın isə Fondun 2026-cı ilin sonuna istifadə olunmamış vəsaitləri hesabına maliyyələşdirilməsi planlaşdırılır. Bu mənbə üzrə vəsaitin 79 faiz artacağı gözlənilir.
Qeyd edək ki, İşsizlikdən Sığorta Fondu işsiz şəxslərin sosial müdafiəsi, məşğulluq tədbirlərinin maliyyələşdirilməsi və işsizliyin azaldılmasına yönələn proqramların həyata keçirilməsi üçün yaradılıb.
