İşsiz qalanların kredit borcu sığorta ilə ödənilə bilər
1business.media xəbər verir ki, Azərbaycanda işsiz qalan vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan yeni mexanizm hazırlanıb. Qaydaların yaxın müddətdə tətbiqi gözlənilir.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, yeni mexanizm kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanmasını nəzərdə tutur. İş yerinin bağlanması, ştatların ixtisarı və əmək müqaviləsinin müddətinin başa çatması kimi hallarda kredit borcunun tam və ya qismən sığorta hesabına ödənilməsi mümkün olacaq.
Yeni sığorta növü yalnız qüvvədə olan əmək müqaviləsi ilə çalışan şəxslərə şamil ediləcək. Banklardan kredit götürən şəxslərə bu sığortanın təklif edilməsi planlaşdırılır, istehlak kreditlərində isə sığortadan istifadə könüllü olacaq.
Deputatın sözlərinə görə, mexanizm vətəndaşların işsiz qaldığı zaman kredit ödənişləri ilə bağlı maliyyə yükünü azaltmaqla yanaşı, bankların kredit risklərinin də azalmasına səbəb ola bilər. Bu səbəbdən sığorta tətbiq olunan kreditlər üzrə faizlərin aşağı salınması imkanının yarana biləcəyi bildirilir.
