BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

“Azərsun” istehsalda süni intellektə keçir – Xərclərin azaldılması hədəflənir

 “Azərsun” istehsalda süni intellektə keçir – Xərclərin azaldılması hədəflənir
“Azərsun Holdinq” istehsalat proseslərində süni intellekt texnologiyasını tətbiq etməyə başlayıb. Yeni sistemin istehsalın səmərəliliyini artıracağı, resurslardan daha düzgün istifadəyə və gələcəkdə xərclərin azaldılmasına imkan yaradacağı gözlənilir.
 
1business.media xəbər verir ki, holdinqin tərkibində fəaliyyət göstərən “Bakı Qida və Yağ Fabriki” MMC-də süni intellekt modulu olan MES (İstehsalatın İdarə Edilməsi Sistemi) istifadəyə verilib. Hazırda sistem üzrə pilot sınaqlar aparılır. 
 
 
Müəssisənin istehsalat şöbəsinin müdiri Samir Əhmədovun sözlərinə görə, sistem istehsal prosesində toplanan məlumatları rəqəmsal şəkildə təhlil edir, texniki və təşkilati problemlərin müəyyənləşdirilməsinə kömək edir.
 
Yeni texnologiyanın əsas hədəflərindən biri istehsal xətlərinin və avadanlıqların iş effektivliyini artırmaqdır. Bunun üçün OEE adlı göstəricidən istifadə olunur. Bu göstərici avadanlıqların nə dərəcədə səmərəli işlədiyini müəyyənləşdirir.
 
Xərclər hələ azalmayıb
 
Şirkət nümayəndəsi bildirib ki, sistem hələ pilot mərhələsində olduğundan xərclərin azaldılması ilə bağlı konkret nəticə qeydə alınmayıb. Gələcəkdə avadanlıqlardan daha səmərəli istifadə hesabına istehsal xərclərinin aşağı düşəcəyi gözlənilir.
 
İşçilərin ixtisarı gözlənilmir
 
Müəssisədə hazırda 650 nəfər çalışır. Samir Əhmədov süni intellektin tətbiqi ilə əlaqədar işçilərin ixtisarının nəzərdə tutulmadığını bildirib.
 
Onun fikrincə, süni intellekt işçiləri əvəz edən vasitə deyil, onların fəaliyyətini asanlaşdıran köməkçi texnologiya kimi qiymətləndirilməlidir. Əməkdaşların yeni texnologiyalardan istifadə bacarıqlarının artırılması da nəzərdə tutulur.
 
Müəssisədə yeni məhsulların hazırlanması və mövcud məhsulların keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05