Moskvada mənzillərin kvadratmetri 65,6 min manata çatıb
1business.media xəbər verir ki, Moskvanın Yakimanka rayonunda yeni tikililərdə mənzillərin bir kvadratmetrinin orta təklif qiyməti 3,11 milyon rubla yüksəlib. Bu, təxminən 38,6 min dollar və ya 65,6 min manatdır.
Yakimanka ardıcıl dördüncü aydır ki, Moskvanın ən bahalı yeni tikililərinin yerləşdiyi rayon olaraq qalır. Analitiklər bunu rayonda yüksək qiymətli yaşayış layihələrinin çoxluğu ilə əlaqələndirirlər.
Moskvanın ən bahalı rayonları sırasında ikinci yerdə Xamovniki qərarlaşıb. Burada bir kvadratmetrin orta təklif qiyməti 2,96 milyon rubl, üçüncü yerdə olan Tverskoyda isə 2,92 milyon rubl təşkil edir.
Arbat rayonunda bu göstərici 2,60 milyon rubl, Meşşanskidə 2,31 milyon rubl, Zamoskvoreçyedə 1,89 milyon rubl olub.
Araşdırmada yalnız lüks mənzillər deyil, satışda olan bütün kateqoriyalardan yeni tikililər nəzərə alınıb. Göstərilən rəqəmlər faktiki alqı-satqı qiymətlərini deyil, elanlardakı orta təklif qiymətlərini əks etdirir.
