1business.media xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən bankların 2026-cı ilin ilk 9 ayı üzrə ümumi xalis mənfəəti 1 milyard 81,8 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 faiz çoxdur.
Eyni dövrdə bankların ümumi kredit portfeli 3,92 milyard manat və ya 13,2 faiz artaraq 33,7 milyard manata yüksəlib.
Kredit portfelinin həcminə görə ABB 7,85 milyard manatla birinci, Kapital Bank 6,39 milyard manatla ikinci, PAŞA Bank 4 milyard manatla üçüncü sırada qərarlaşıb.
İlin əvvəlindən kredit portfelini məbləğ baxımından ən çox artıran bank Kapital Bank olub. Bankın portfeli 971,3 milyon manat genişlənib. ABB-də artım 774,1 milyon manat, PAŞA Bankda isə 569,9 milyon manat təşkil edib.
Bankların xalis mənfəətində də artım qeydə alınıb. ABB 352,4 milyon manat, Kapital Bank 297 milyon manat, PAŞA Bank isə 133,8 milyon manat xalis mənfəət əldə edib.
