BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

The Economist” 2027-ci il üçün proqnozunu açıqladı – Dünyanı hansı təhlükələr gözləyir?

 “The Economist” 2027-ci il üçün proqnozunu açıqladı – Dünyanı hansı təhlükələr gözləyir?
1business.media xəbər verir ki, Britaniyanın nüfuzlu “The Economist” jurnalı 2027-ci ildə dünyada baş verə biləcək əsas siyasi, iqtisadi və texnoloji dəyişikliklərlə bağlı proqnozlarını açıqlayıb.
 
“The World Ahead 2027” adlı xüsusi buraxılışda gələn ilin gündəmini müəyyən edə biləcək 10 əsas mövzu diqqətə çatdırılıb.
 
Jurnalın redaktoru Tom Standage hesab edir ki, 2027-ci il siyasi qarşıdurmalar, maliyyə bazarlarında gərginlik və süni intellektlə bağlı risklərlə yadda qala bilər.
 
2027-ci ilin əsas riskləri nələr olacaq?
 
Jurnalın proqnozunda aşağıdakı istiqamətlər ön plana çıxarılıb:
 
1. Trampdan sonrakı siyasi dövr
 
ABŞ-da Donald Trampın siyasi varisi uğrunda mübarizənin güclənəcəyi gözlənilir. Trampın prezidentlik müddətinin sonuna yaxın təsirini itirmək əvəzinə daha aqressiv siyasi addımlar atacağı ehtimal olunur.
 
2. İran müharibəsinin nəticələri
 
Münaqişənin regional siyasətə, enerji marşrutlarına və ərzaq təhlükəsizliyinə təsirinin 2027-ci ildə də davam edəcəyi proqnozlaşdırılır. Gübrə çatışmazlığının ərzaq istehsalı üçün əlavə risklər yaradacağı bildirilir.
 
3. Dünyada temperatur rekordları
 
2027-ci ilin ən isti illərdən biri olacağı gözlənilir. Quraqlıqların, meşə yanğınlarının və istilik dalğalarının artması ehtimal olunur.
 
4. Süni intellektə qarşı narazılıq artacaq
 
Süni intellekt şirkətlərinin borclanması və mürəkkəb maliyyə razılaşmaları bazarlarda yeni risklər yarada bilər. Kiberhücumlar və texnologiyanın siyasi təsirləri də diqqət mərkəzində olacaq.
 
5. Avropada sağçı qüvvələrin mövqeyi güclənə bilər
 
Fransada Marin Le Penin prezident seçkilərində mümkün qələbəsi Avropa İttifaqında siyasi və iqtisadi dəyişikliklərə səbəb ola bilər.
 
6. İstiqraz bazarlarında gərginlik
 
İnkişaf etmiş ölkələrin artan dövlət borcları və yüksək xərcləri maliyyə bazarlarında təzyiqi gücləndirə bilər. Dövlətlərin borclanma xərclərinin yüksəlməsi də gözlənilir.
 
7. Tayvan ətrafında gərginlik
 
Çin və Tayvan arasındakı münasibətlər 2027-ci ilin əsas geosiyasi risklərindən biri kimi qiymətləndirilir. Yeni hərbi texnologiyaların mümkün qarşıdurmanın xarakterinə təsir edəcəyi bildirilir.
 
8. Arıqlama dərmanlarının iqtisadi təsiri
 
Ozempic kimi preparatların yayılması istehlakçı davranışlarını dəyişə bilər. İnsanların geyim, kosmetika və idman məhsullarına xərclərinin artacağı proqnozlaşdırılır.
 
9. Kosmosa çıxış ucuzlaşacaq
 
Təkrar istifadə olunan raketlərin inkişafı kosmik uçuşların qiymətini aşağı sala bilər. Özəl kosmik stansiyaların və orbitdə məlumat mərkəzlərinin yaradılması gündəmə gələ bilər.
 
10. Hollivudda yeni mərhələ
 
Film sənayesində məşhur ekran əsərlərinin yeni versiyalarının hazırlanması və müstəqil kinonun inkişafı əsas tendensiyalar arasında göstərilir.
 
Jurnalın qiymətləndirməsinə görə, 2027-ci ildə geosiyasi qarşıdurmalar, enerji təhlükəsizliyi, dövlət borcları və süni intellektin yaratdığı maliyyə riskləri dünya iqtisadiyyatının əsas sınaqları olacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05