Xarici turistlər kirayə evləri ən çox bu rayonlarda seçirlər – SİYAHI1business.media xəbər verir ki, Azərbaycana gələn xarici turistlərin kirayə götürdükləri evlərdə keçirdikləri gecələmələrin sayına görə Qusar, Quba və Qəbələ rayonları ön sıralarda yer alıb.
2026-cı ilin yanvar-sentyabr ayları üzrə statistikaya əsasən, xarici turistlərin kirayə evlərdə keçirdikləri gecələmələrin ümumi sayı 859,4 min olub. Bunun 651,3 mini Bakının payına düşüb.
Bakı, Abşeron və Sumqayıt nəzərə alınmadıqda, digər rayon və şəhərlərdə kirayə evlərdə 161,1 min gecələmə qeydə alınıb.
Xarici turistlərin kirayə evlərdə ən çox qaldığı 10 rayon və şəhər:
Rayon və şəhər Gecələmə sayı
Qusar 34 228
Quba 25 958
Qəbələ 21 802
İsmayıllı 14 706
Naftalan 14 455
Xaçmaz 11 181
Lənkəran 5 119
Şamaxı 4 643
Şəki 4 165
Gəncə 3 636
Statistikaya əsasən, ilk üçlükdə yer alan Qusar, Quba və Qəbələnin payına Bakı, Abşeron və Sumqayıt istisna olmaqla, digər ərazilərdəki kirayə ev gecələmələrinin 50,9 faizi düşüb.
Rayonlar üzrə turistlərin ümumi gecələmələrində kirayə evlərin payına görə isə İsmayıllı 18,1 faizlə liderdir. Xaçmazda bu göstərici 14,3 faiz, Qubada 13,7 faiz, Qusarda 11,7 faiz, Qəbələdə isə 10,4 faiz təşkil edib.
Naftalanda kirayə evlərin payı 7,6 faiz, Şəkidə isə 5,3 faiz olub.
Məlumatlar Dövlət Statistika Komitəsinin 2026-cı ilin ilk doqquz ayı üzrə göstəricilərinə əsaslanır.
