Azərbaycanda əhalinin gəlirlərinin 62 faizi Bakının payına düşür
Azərbaycanda əhalinin gəlirlərinin böyük hissəsi paytaxtda cəmləşib. 2025-ci ildə Bakı üzrə əhalinin gəlirləri 55 milyard manatı ötüb.
1business.media xəbər verir ki, 2025-ci ildə Bakı şəhəri üzrə əhalinin gəlirləri 55 milyard 649 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 4 milyard 559,2 milyon manat və ya 8,9 faiz çoxdur.
Ölkə üzrə ümumi əhali gəlirləri isə 89 milyard 916 milyon manat olub. Beləliklə, ümumi gəlirlərin 61,9 faizi Bakının payına düşüb.
Regionlar arasında Bakıdan sonra ən yüksək göstərici Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Burada əhalinin gəlirləri 4 milyard 959,9 milyon manat təşkil edib.
Mərkəzi Aran üzrə bu göstərici 3 milyard 786,5 milyon manat, Lənkəran-Astara üzrə 3 milyard 588,9 milyon manat, Gəncə-Daşkəsən üzrə isə 3 milyard 580,8 milyon manat olub.
Ayrı-ayrı şəhərlər üzrə Sumqayıtda əhalinin gəlirləri 2 milyard 932,4 milyon manata, Gəncədə isə 2 milyard 422,4 milyon manata çatıb. Sumqayıtda nominal artım 15 faiz, Gəncədə 6,3 faiz olub.
Məlumata görə, 2024-cü ildə ölkə üzrə əhali gəlirlərinin 61,4 faizi Bakının payına düşüb. Bir il ərzində paytaxtın ümumi gəlirlərdə payı 61,9 faizə yüksəlib.
