“Kristal Bakı” səhmdarlarına 16 milyon manat dividend elan edib
1business.media xəbər verir ki, “Kristal Bakı” ASC 2025-ci ildə səhmdarlarına ümumilikdə 16 milyon manat dividend elan edib. Bu məbləğin 8 milyon manatı ödənilib, qalan 8 milyon manat isə ilin sonunda dividend öhdəliyi kimi balansda saxlanılıb.
Şirkətin illik hesabatına görə, səhmlərin 25 faizinə sahib olan Fərid Nəbiyev və Araz Nəbiyevə ayrı-ayrılıqda 4 milyon manat dividend ödənilib. Şirkətin 50 faizlik səhmdarı Pərviz Vəliyev üzrə isə 8 milyon manat dividend öhdəliyi qalıb.
Dividend ödənişi ilə bağlı qərar səhmdarların 10 dekabr 2025-ci ildə keçirilmiş ümumi yığıncağında qəbul edilib. Qərarda dividendin 2023 və 2024-cü illərin xalis mənfəəti hesabına ayrıldığı göstərilib.
Maliyyə hesabatında isə həmin illər üzrə müvafiq olaraq 15,45 milyon manat və 3,28 milyon manat zərər əks olunub.
Şirkət 8,25 milyon manat mənfəət əldə edib
“Kristal Bakı” 2025-ci ili 8,25 milyon manat xalis mənfəətlə başa vurub. Eyni dövrdə 16 milyon manat dividendin elan edilməsi kapitaldan çıxılan məbləğin artmasına səbəb olub.
Nəticədə şirkətin yığılmış zərəri 23,2 faiz artaraq 41,16 milyon manata yüksəlib.
