Aİ 5 Karib ölkəsinə seçim qoydu: “Qızıl pasport” yoxsa Şengen?
1business.media xəbər verir ki, Avropa İttifaqı Antigua və Barbuda, Dominika, Qrenada, Sent-Kits və Nevis, həmçinin Sent-Lusiya üçün vətəndaşlıq müqabilində investisiya proqramlarını dayandırmaq tələbi irəli sürüb. Bu ölkələrə proqramları 1 iyun 2028-ci ilədək mərhələli şəkildə ləğv etmək üçün vaxt verilib.
Aİ bildirir ki, “qızıl pasport” proqramları viza tələb olunan şəxslərə vətəndaşlıq əldə etməklə Şengen zonasına vizasız giriş imkanı yarada bilər. Hazırda həmin beş ölkənin vətəndaşları Şengen ərazisinə 180 gün ərzində 90 günədək vizasız səfər edə bilirlər.
Beş ölkənin vətəndaşlıq proqramlarında minimum investisiya məbləği 200 min dollar səviyyəsində müəyyənləşdirilib. Aİ-nin tələbinə əməl edilmədiyi halda bu ölkələrin vizasız rejiminin dayandırılması gündəmə gələ bilər.
Qeyd edək ki, hazırda bu ölkələr üçün Şengen vizasız rejimi qüvvədədir. 1 iyun 2028 tarixi avtomatik viza tətbiqinin başlanacağı tarix deyil; vizasız rejimin dayandırılması üçün ayrıca Aİ qərarı tələb olunur.
