Azərbaycanlılar xaricdə alış-verişə 261 milyon manat xərcləyiblərAzərbaycan vətəndaşlarının xarici ölkələrdə alış-verişə və hədiyyələrə ayırdığı vəsait diqqət çəkən məbləğə çatıb. Xarici səfərlər zamanı bu istiqamətdə yüz milyonlarla manat xərclənib.
1business.media xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları xarici ölkələrə turizm səfərləri zamanı malların, hədiyyələrin və suvenirlərin alınmasına 261 milyon 174,6 min manat xərcləyiblər.
Həmin dövrdə xarici səfərlər üzrə ümumi turizm xərcləri 1 milyard 607,3 milyon manat təşkil edib. Bu məbləğin 16,2 faizi alış-verişə yönəldilib.
Ən çox pul Türkiyədə xərclənib
Azərbaycanlıların xaricdə alış-veriş üçün ən çox vəsait ayırdığı ölkə Türkiyə olub. Belə ki, bu ölkədə 154 milyon 126,6 min manat xərclənib. Bu, ümumi alış-veriş xərclərinin təxminən 59 faizidir.
Ölkələr üzrə sonrakı yerləri Rusiya və Gürcüstan tutub:
- Rusiya – 30 milyon 775,1 min manat;
- Gürcüstan – 17 milyon 715,1 min manat;
- Birləşmiş Ərəb Əmirlikləri – 13 milyon 255,8 min manat;
- Qazaxıstan – 5 milyon 985,8 min manat;
- Səudiyyə Ərəbistanı – 4 milyon 990,7 min manat.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk doqquz ayında Azərbaycan vətəndaşlarının xaricdə nəqliyyat xərcləri 577,4 milyon manat, yerləşmə xərcləri 374,6 milyon manat, qidalanma xərcləri isə 314 milyon manat təşkil edib.
