Qadınların rəhbərlik etdiyi ailələrə xaricdən daha çox pul gəlir
1business.media xəbər verir ki, Azərbaycanda ailə başçısının cinsindən asılı olaraq ev təsərrüfatlarının gəlir mənbələrində fərqlər müşahidə olunur. 2025-ci ildə qadınların rəhbərlik etdiyi ailələrdə xaricdən daxil olan vəsaitlərin ümumi gəlirlərdə payı 3,7 faiz olub. Kişilərin rəhbərlik etdiyi ailələrdə bu göstərici 1,2 faiz təşkil edib.
Qadınların rəhbərlik etdiyi ailələrdə gəlirlərin 37 faizi muzdlu əməkdən, 26,9 faizi isə özünüməşğulluqdan formalaşıb. Kişilərin rəhbərlik etdiyi ailələrdə bu göstəricilər müvafiq olaraq 37,7 faiz və 33,6 faiz olub.
Pensiya gəlirlərinin payı da qadınların rəhbərlik etdiyi ailələrdə daha yüksəkdir. Bu ailələrdə pensiyalar ümumi gəlirlərin 19,8 faizini, kişilərin rəhbərlik etdiyi ailələrdə isə 17,2 faizini təşkil edib.
Ölkə daxilində digər ailələrdən alınan vəsaitlərin payı qadınların rəhbərlik etdiyi təsərrüfatlarda 9,1 faiz, kişilərin rəhbərlik etdiyi təsərrüfatlarda isə 6,8 faiz olub.
Qeyd edək ki, göstəricilər gəlirlərin məbləğini deyil, müxtəlif gəlir mənbələrinin ailə büdcəsindəki payını əks etdirir.
