1business.media xəbər verir ki, Azərbaycanda texnopark rezidentliyi imkanları genişləndirilir, startaplar və investorlar üçün yeni təşviq mexanizmləri nəzərdə tutulur.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov oktyabrın 29-da keçirilən media brifinqində yenilikləri açıqlayıb.
Bildirilib ki, 2027-ci il yanvarın 1-dən müəyyən edilmiş meyarlara cavab verən yeni texnopark rezidentləri üçün bir sıra vergi güzəştlərinin müddəti 20 ilə çatdırılır. Dəyişikliklər sosial sığorta üzrə güzəştli seçim imkanının uzadılmasını, vençur kapitalı və kraudfandinq investisiyalarının təşviqini də əhatə edir.
Frilanserlər və rəqəmsal səyyahlar üçün rezidentlik imkanları yaradılır, innovativ məhsulların dövlət satınalmalarında iştirakına dəstək nəzərdə tutulur.
Fərid Osmanovun sözlərinə görə, məqsəd texnoloji biznesin inkişafını sürətləndirmək və innovasiyalara investisiya cəlbini artırmaqdır.
