Qırğızıstanda yeni qaz yatağı kəşf edildi – Gündəlik hasilat 40 min kubmetrdən çox olacaqQırğızıstanda son 10-15 ilin ən məhsuldar qaz mənbələrindən biri aşkarlanıb. Yeni yatağın gündəlik hasilat imkanının 40 min kubmetrdən çox olduğu bildirilir.
1business.media xəbər verir ki, yeni qaz mənbəyi ölkənin Cəlalabad vilayətinin Mayluu-Suu ərazisində, 1181 nömrəli quyuda aşkar edilib.
“Qırğızneftqaz” şirkətinin məlumatına görə, quyudan əldə edilən qaz Koçkor-Ata şəhərinin və ətraf kəndlərin təbii qazla təminatına əlavə imkan yaradacaq.
Şirkətin İdarə Heyətinin sədri Samsaalı Çetimbayev bildirib ki, yeni quyunun gündəlik hasilatı təxminən 40 min kubmetr təşkil edir. Bu göstərici Koçkor-Atanın gündəlik qaz tələbatına bərabərdir.
Yeni mənbənin mövcud yataqlarla birlikdə istifadəsi qış aylarında qaz təchizatının yaxşılaşdırılmasına, ətraf kəndlərin də təbii qazla təmin olunmasına şərait yarada bilər.
