1business.media xəbər verir ki, Azərbaycanın aqrar və aqrar-sənaye məhsullarının ixracı 2026-cı ilin ilk 9 ayında 1 milyard dolları ötüb.
Yanvar-sentyabr aylarında bu məhsulların ümumi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz artaraq 1,08 milyard dollara çatıb.
Hesabat dövründə kənd təsərrüfatı məhsullarının ixracı 776,8 milyon dollar təşkil edib. Bu, illik müqayisədə 16,5 faiz artım deməkdir.
Aqrar-sənaye məhsullarının ixracında isə daha yüksək artım qeydə alınıb. Bu istiqamətdə ixrac 28,6 faiz artaraq 299,7 milyon dollara yüksəlir
Məhsul qrupları üzrə də artım müşahidə olunub. Yeyilən meyvələrin ixracı 12,5 faiz, tərəvəzlərin ixracı 9,4 faiz, bitki və heyvan mənşəli piy və yağların ixracı isə 31,6 faiz artıb.
Aqrar-sənaye məhsullarının ixracının daha sürətlə artması kənd təsərrüfatı xammalının emalından əldə olunan məhsulların xarici bazarlara satışının genişləndiyini göstərir.
