SOCAR-ın Türkiyəyə yatırımları 20 milyard dollara çatacaq – STAR NEZ-də yeni layihəAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyəyə ümumi investisiyaları STAR neft emalı zavodunda həyata keçiriləcək yeni layihədən sonra 20 milyard dollara yüksələcək.
1business.media xəbər verir ki, SOCAR Türkiyə STAR NEZ-də aviasiya yanacağı istehsalı üçün yeni qurğunun tikintisinə təxminən 6 milyard Türkiyə lirəsi (120 milyon dollar) investisiya yatıracaq.
Layihə çərçivəsində yeni Jet Fuel (Kero-Merox) qurğusu inşa ediləcək. Qurğunun 2029-cu ilin birinci rübündə istifadəyə verilməsi planlaşdırılır.
İldə 600 min ton əlavə dizel istehsalı
Yeni qurğunun işə düşməsi ilə STAR NEZ-də mövcud KHT qurğusu dizel istehsalına yönəldiləcək. Bu dəyişiklik nəticəsində zavodun illik dizel istehsalı təxminən 600 min ton artacaq.
Layihənin əsas məqsədlərindən biri Türkiyənin idxal olunan dizel yanacağından asılılığını azaltmaq və zavodun istehsal imkanlarını genişləndirməkdir.
STAR NEZ-in gücü 13 milyon tona çatıb
2018-ci ildə fəaliyyətə başlayan STAR neft emalı zavodunun ilkin illik emal gücü 10 milyon ton olub. Sonrakı genişləndirmə işləri nəticəsində bu göstərici 13 milyon tona yüksəlib.
Yeni investisiya layihəsi SOCAR-ın Türkiyədəki mövqeyini daha da genişləndirəcək. Şirkətin bu ölkəyə yatırdığı ümumi investisiyaların həcmi 20 milyard dollara çatacaq.
