PAŞA Bank maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
1business.media xəbər verir ki, PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən 12-ci AMFA Konfransında iştirak edib.
“Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf” mövzusuna həsr olunan tədbirdə maliyyə inklüzivliyi, sahibkarların maliyyələşməyə çıxış imkanları, mikromaliyyə sektorunun inkişaf perspektivləri və rəqəmsal transformasiya məsələləri müzakirə olunub.
Konfransda çıxış edən PAŞA Bankın Maliyyə İnstitutları və Xidmət Sənayesi üzrə rəhbəri Zahid Əfəndiyev banklarla bank olmayan kredit təşkilatları arasında əməkdaşlığın mikro və kiçik sahibkarların maliyyə resurslarına çıxışında mühüm rol oynadığını bildirib.
Onun sözlərinə görə, bankların maliyyə imkanları ilə BOKT-ların mikro və kiçik sahibkarlarla iş təcrübəsinin birləşdirilməsi daha geniş maliyyələşmə imkanları yarada bilər. Zahid Əfəndiyev risklərin bölüşdürülməsi və zəmanət mexanizmlərinin inkişaf etdirilməsinin də əhəmiyyətini vurğulayıb.
PAŞA Bank maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, sahibkarların maliyyələşməyə çıxışının asanlaşdırılması və ölkədə maliyyə inklüzivliyinin artırılması istiqamətində fəaliyyətini davam etdirəcəyini açıqlayıb.
