Monteneqro və Latviyada saxta şirkətlərlə yaşayış icazəsi alanlar yoxlanılırMonteneqro və Latviyada real biznes fəaliyyəti göstərmədən, yalnız yaşayış icazəsi almaq məqsədilə şirkət yaradan əcnəbilərə qarşı yoxlamalara başlanılıb.
1business.media xəbər verir ki, Monteneqronun Daxili İşlər Nazirliyi yeni qeydiyyatdan keçmiş şirkətlərin fəaliyyətini polis və vergi orqanları ilə birgə araşdıracaq.
Nazirliyin nümayəndəsi Draqan Daşiç son iki ayda yaşayış statusunu rəsmiləşdirməyə çalışan əcnəbilərin təxminən 80 faizinin miqrasiya sistemindən sui-istifadə etdiyini bildirib. Onun sözlərinə görə, bəzi şirkətlər yalnız xarici vətəndaşlara ölkədə qalmaq üçün hüquqi əsas yaratmaq məqsədilə yaradılıb.
Latviyada da oxşar araşdırma aparılır. Ölkənin daxili işlər naziri Yanis Dombrava Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinə, eləcə də Maliyyə Kəşfiyyatı Xidmətinə şübhəli əməliyyatları yoxlamaq tapşırığı verib.
İlkin məlumatlara görə, 2018–2026-cı illərdə iki şirkət vasitəsilə Hindistan, Çin və Vyetnam vətəndaşları üçün yaşayış icazəsi müraciətlərində istifadə edilən 95 dəvət sənədi hazırlanıb. Araşdırma zamanı investisiyaların real biznes fəaliyyətinə yönəldilib-yönəldilmədiyi müəyyənləşdiriləcək.
Hər iki ölkədə yoxlamaların əsas məqsədi formal şirkətlər vasitəsilə miqrasiya qaydalarından sui-istifadə hallarını aşkar etməkdir. Hazırda araşdırmalar davam edir, mümkün qanun pozuntuları ilə bağlı yekun qərar açıqlanmayıb.
