QR kod təhlükəsi: Pul və şəxsi məlumatlarınız oğurlana bilər
1business.media xəbər verir ki, QR kodlardan istifadə zamanı diqqətli olmaq lazımdır. Kiberdələduzlar saxta QR kodlar vasitəsilə istifadəçiləri saxta internet səhifələrinə yönləndirə, bank və şəxsi məlumatlarını ələ keçirə bilərlər.
Mütəxəssislərin sözlərinə görə, “quishing” adlanan bu üsulda saxta QR kodlar müxtəlif platformalarda, SMS və elektron məktublarda, eləcə də ictimai yerlərdə yerləşdirilə bilər. Kod skan edildikdən sonra istifadəçi bank, dövlət qurumu və ya tanınmış şirkətin saytına bənzəyən saxta səhifəyə yönləndirilir.
Həmin səhifələrdə kart nömrəsi, CVV kodu, giriş məlumatları və SMS-lə göndərilən təsdiq kodları tələb oluna bilər. Bəzi hallarda isə QR kod vasitəsilə telefona zərərli proqram yüklənə bilər.
Mütəxəssislər tanımadığınız mənbələrdən gələn QR kodları skan etməməyi, kodu oxutduqdan sonra açılan internet ünvanını diqqətlə yoxlamağı və şübhəli səhifələrdə bank məlumatlarını daxil etməməyi tövsiyə edirlər.
