Azərbaycan dilinin 1 milyon sözlük korpusu yaradıldı
1business.media xəbər verir ki, Pekin Xarici Dillər Universitetində müasir Azərbaycan ədəbi dilinin 1 milyon sözdən ibarət balanslaşdırılmış korpusu yaradılıb. “azGLOBE” adlanan korpus oktyabrın 31-də istifadəyə verilib.
Korpus Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin rəhbərliyi ilə hazırlanıb. Burada publisistik, akademik, bədii və müxtəlif janrlardan ibarət mətnlər toplanıb.
“azGLOBE” müasir Azərbaycan dilinin söz ehtiyatı və qrammatik quruluşunun araşdırılması, müqayisəli dilçilik, lüğətlərin, dərsliklərin və tədris materiallarının hazırlanması üçün istifadə edilə bilər. Korpusdan internet üzərindən pulsuz yararlanmaq mümkündür.
“azGLOBE” Pekin Xarici Dillər Universitetində yaradılan və hazırda 51 dili əhatə edən “GLOBE” korpusunun alt korpuslarından biridir. Qarşıdakı illərdə Azərbaycan dili korpusunun söz ehtiyatının artırılması planlaşdırılır.
