1business.media xəbər verir ki, Dünya Qızıl Şurasının (WGC) məlumatına əsasən, 2026-cı ilin üçüncü rübündə mərkəzi banklar və digər rəsmi qurumlar qızıl alışını 42% artırıblar.
Mərkəzi bankların xalis qızıl alışları üçüncü rübdə 321 ton təşkil edib. Bu, 2024-cü ilin sonundan bəri ən yüksək rüblük göstəricidir. İlin əvvəlindən mərkəzi bankların qızıl alışları 675 tona çatıb və ötən ilin eyni dövrünü 6% üstələyib.
Hesabata görə, Çin və Polşa rüb ərzində ən böyük açıqlanan alıcılar olub. Çin Mərkəzi Bankı 63 ton, Polşa Milli Bankı isə 40 ton qızıl alıb. Qazaxıstan və Özbəkistanın mərkəzi bankları da ehtiyatlarını 14 ton artırıblar.
Qızıl bazarında ümumi tələb üçüncü rübdə 1 369 ton olub. Fiziki həcm ötən ilin eyni dövrü ilə müqayisədə 1% azalsa da, qiymət artımı səbəbindən tələbin dollar ifadəsində dəyəri 22% yüksələrək 188 milyard dollara çatıb.
Hesabatda qeyd olunur ki, mərkəzi bankların qızıl ehtiyatlarını artırmasında əsas amillər ehtiyatların şaxələndirilməsi və maliyyə risklərinin idarə olunmasıdır. Üçüncü rübdə açıqlanmayan alışların ümumi mərkəzi bank tələbinin təxminən 63%-ni təşkil etdiyi bildirilir.
Qızılın orta qiyməti üçüncü rübdə bir unsiya üçün 4 262 dollar olub. Bu göstərici illik ifadədə 23% artım deməkdir.
