Çoxmənzilli binalarda mənzil sayı 27% azalıb – Tikintiyə yatırılan investisiyalar da geriləyibAzərbaycanda çoxmənzilli binalarda istifadəyə verilən mənzillərin sayı kəskin azalıb. 2026-cı ilin ilk doqquz ayında bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 27,4% aşağı düşüb.
1business.media xəbər verir ki, ilin yanvar-sentyabr aylarında ölkədə ümumilikdə 24 601 yaşayış evi və mənzil istifadəyə verilib. Onların 19 666-sı fərdi yaşayış və bağ evlərinin payına düşüb.
Çoxmənzilli binalarda istifadəyə verilən mənzillərin sayı isə 4 935 olub. Ötən ilin eyni dövründə bu rəqəm 6 793 təşkil edib. Beləliklə, bir il ərzində 1 858 mənzil az istifadəyə verilib.
Mənzil tikintisinə yatırılan investisiyaların həcmində də azalma var. Hesabat dövründə bu sahəyə 2 milyard 67,9 milyon manat vəsait yönəldilib. Bu, illik müqayisədə 3,1% azdır.
Qeyri-dövlət sektorunun yaşayış evlərinin tikintisinə yatırdığı investisiyalar 8,6% azalaraq 1 milyard 466,3 milyon manata düşüb. Dövlət sektorunun investisiyaları isə 13,5% artaraq 601,6 milyon manata çatıb.
Mənzil qiymətləri isə artmaqda davam edir. Oktyabr ayında yeni tikililərdə bir kvadratmetrin median satış təklifi 2 888,9 manata yüksəlib. Bu, ilin əvvəlindən 9,4% artım deməkdir.
Köhnə tikililərdə isə bir kvadratmetrin median satış qiyməti 2 692,3 manat təşkil edib. İlin əvvəlindən bu seqmentdə qiymətlər 6,8% bahalaşıb.
