Ryanair-dən aviabiletlərlə bağlı xəbərdarlıq: Qiymətlər 20%-dək arta bilər
1business.media xəbər verir ki, İrlandiyanın “Ryanair” aviaşirkəti yanacaq xərclərinin kəskin artması səbəbindən 2027-ci ildə aviabiletlərin qiymətlərinin 10–20% yüksələ biləcəyini açıqlayıb.
Şirkətin baş icraçı direktoru Maykl O'Lirinin sözlərinə görə, Yaxın Şərqdə davam edən gərginlik aviasiya yanacağının qiymətini artırıb. “Ryanair”in hesablamasına əsasən, 2027-ci ilin aprelindən 2028-ci ilin martınadək yanacaq xərcləri təxminən 2 milyard avro arta bilər.
Şirkət artan xərcləri azaltmaq üçün əməkhaqlarının müvəqqəti dondurulması, ekipaj sayının azaldılması, hava limanları ilə müqavilələrə yenidən baxılması və süni intellektdən daha geniş istifadə imkanlarını nəzərdən keçirir.
“Ryanair” artıq qış mövsümündə uçuş tutumunu azaldıb və sərnişin daşımaları üzrə illik proqnozunu 214 milyon nəfərə endirib. Şirkətin xalis mənfəəti isə 2026-cı ilin ilk altı ayında 15% azalaraq 2,15 milyard avro təşkil edib.
O'Liri bildirib ki, yanacaq qiymətləri yüksək olaraq qalarsa, Avropada qısaməsafəli uçuşların tariflərində ikirəqəmli artım gözlənilir.
