Əməkhaqqı ödənişləri elektronlaşdırılır – İşçiləri hansı yenilik gözləyir?Azərbaycanda əməkhaqqı ödənişlərinin vahid elektron sistem üzərindən həyata keçirilməsi planlaşdırılır. Yeni mexanizm işçilərə maaşlarını istədikləri bank vasitəsilə almaq imkanı yaradacaq.
1business.media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) həyata keçirdiyi layihə çərçivəsində əməkhaqqı ödənişləri Ani Ödənişlər Sisteminə inteqrasiya olunacaq.
Layihənin ilkin mərhələsində əməkhaqqı ödənişlərinin elektronlaşdırılması nəzərdə tutulur. Növbəti mərhələlərdə isə pensiya və sosial müavinətlərin də bu sistem üzərindən köçürülməsi planlaşdırılır.
Yeni mexanizm vətəndaşlara bank seçimi üzrə sərbəstlik verəcək. İşçilər əməkhaqlarını almaq üçün istədikləri bankı seçə biləcəklər. Bu imkan məcburi olmayacaq.
Sistemin tətbiqi ilə əməkhaqqı köçürmələrinin daha çevik və operativ həyata keçirilməsi, banklar arasında rəqabətin güclənməsi gözlənilir.
